Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, ölkə üzrə elmi hövzələrin rektoru Ayətullah Ərafinin Kitab və mütaliə həftəsi münasibətilə yayımladığı müraciətin tam mətni aşağıdakı kimidir:
بسم الله الرحمن الرحیم
Bağışlayan və mehriban Allahın adı ilə.
Allahın salamı kitabxanaçılar, tədqiqatçılar, elm və bilik yolunun davamçılarına olsu!
Kitab və mütaliə həftəsi kitabxanaların insanın, dünyanın, elmi mərkəzlərin və elmi hövzələrin elm həyatında oynadığı fundamental rol üzərində düşünmək, eləcə də yeni şəraitdə kitabın və kitabxanaların inkişafı və tərəqqisi üçün zəmin yaratmaq istiqamətində elmi qurumların məsuliyyətini yenidən dərk etmək baxımından dəyərli fürsətdir. Şübhəsiz ki, elmi hövzələrin elmi ənənəsində kitabxana yalnız əsərlərin toplanması və qorunub saxlanılması üçün nəzərdə tutulan məkan deyil. O, tədqiqatın dayağı, fikir mübadiləsinin mühiti, keçmiş nəsillərin elmi irsi ilə müasir nəslin idraki səyləri arasında əlaqələndirici halqadır.
Bu münasibətlə İmam Sadiqin (ə) nurani kəlamını xatırlamaq yerinə düşər. Həzrət buyurmuşdur:
«اکتب وبث عِلْمَکَ فِی إِخْوَانِکَ، فَإِنْ مِن فَأُورِثُ کُتُبَک بنیک»
Elmini yaz və qardaşların arasında yay, kitablarını isə övladlarına miras qoy.
Bu tövsiyə elmin yayılmasına xüsusi diqqət yetirməklə yanaşı, elmi sərvətlərin gələcək nəsillərə ötürülməsi məsuliyyətini də xatırladır. Kitabxanalar bu məsuliyyətin həyata keçirilməsində mühüm və danılmaz mövqeyə malikdirlər.
Bu baxımdan, elmi hövzələrin kitabxanaları onların elmi mövqeyinə və idrak missiyasına uyğun olaraq, mənbələrin saxlanıldığı anbarlardan tədqiqatların fəal dəstəklənməsi və istiqamətləndirilməsi mərkəzlərinə çevrilməlidir. Kitabxana fondlarının genişləndirilməsi və müasir tələblərə uyğunlaşdırılması, ixtisaslaşmış kitabxanaların gücləndirilməsi, informasiya və tədqiqat xidmətlərinin təkmilləşdirilməsi, texniki və informasiya infrastrukturunun yaxşılaşdırılması, eləcə də ixtisaslı kadrlarla təminat bu istiqamətdə həyata keçirilməsi zəruri olan məsələlərdəndir. Bunların reallaşdırılması məqsədyönlü planlaşdırma, davamlı dəstək, həmçinin elmi hövzələrin möhtərəm rəhbər və idarəçilərinin ciddi diqqət və səylərini tələb edir.
Bu prosesdə kitabxanaçıların, informasiya elmi və bilikşünaslıq üzrə mütəxəssislərin rolu mənbələrin sistemləşdirilməsi və qorunub saxlanılması ilə məhdudlaşmır, daha geniş məna daşıyır. Onlar elmi auditoriyanın ehtiyaclarını müəyyənləşdirmək, tədqiqatçılara istiqamət vermək və bilik sərvətlərinə çıxışı asanlaşdırmaqla tədqiqat prosesinin dinamikliyində və elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayırlar. Bu xidmət sahəsində çalışanların peşəkar və ixtisaslaşmış mövqeyinə layiqli ehtiram göstərilməli, onların bilik və bacarıqlarından daha geniş şəkildə bəhrələnmək üçün lazımi şərait yaradılmalıdır.
Bununla belə, kitabxanaların inkişafı yalnız o zaman öz bəhrəsini verəcək ki, mütaliə mədəniyyəti tələbələrin elmi həyatının ayrılmaz hissəsinə çevrilsin və tədris-tədqiqat proqramları ilə yanaşı, davamlı yer tutsun. Düşünən, sual verən, təhlil və mühakimə qabiliyyətinə malik tələbələrin yetişdirilməsi dərsliklərdən kənar mütaliə üfüqlərinin açılmasından, sərbəst və probleməsaslı mütaliənin gücləndirilməsindən, elmi və maarifləndirici əsərlərlə mütəmadi ünsiyyət üçün münasib imkanların yaradılmasından asılıdır. Buna görə də dəyərli kitabların tanıdılması, davamlı mütaliəyə marağın artırılması və tədris fəaliyyətinin kitab oxumaqla əlaqələndirilməsi elmi hövzələrin məktəb və mərkəzlərinin ciddi diqqət yetirməli olduğu məsələlər sırasında yer almalıdır.
Digər mühüm məsələ koqnitiv elmlərin və intellektual texnologiyaların heyrətamiz inkişafı nəticəsində kitab anlayışında və onun əhatə dairəsində baş vermiş əsaslı dəyişiklik və inqilabdır. Bu dəyişikliklərin bütün üstünlükləri və zərərləri ilə birlikdə meydana çıxması kitab, tədqiqat və elmi istehsal anlayışlarının yenidən nəzərdən keçirilməsini, onların yenidən formalaşdırılmasını, eləcə də İslam tədqiqatları və elmləri sahəsində qarşıdakı dəyişikliklərin istiqamətləndirilməsini daha da zəruri edir. Bütün bunlarla yanaşı, dini, İslami və şiə yazılı irsinin dirçəldilməsinə rəhbərlik etmək, onun tarixi mirasını qorumaq, kitabxanalar və informasiya sistemləri arasında şəbəkələşməni təmin etmək də diqqət yetirilməli olan digər bir vəzifədir.
Ümidvaram ki, rəhbərlərin, müəllimlərin, kitabxanaçıların, elm və mədəniyyət işləri ilə məşğul olan məsul şəxslərin səylərinin birləşdirilməsi nəticəsində elmi hövzələrin kitabxanaları öz layiqli mövqelərini daha da möhkəmləndirəcək, elm inkişafı, mübadiləsi və yayılması, eləcə də düşüncənin inkişafı üzrə canlı mərkəzlərə çevriləcəklər. Bu mərkəzlər vasitəsilə elm və maarif çırağı daha parlaq yanacaq, gələcəyin alim və tədqiqatçılarının yetişdirilməsi yolu daha da asanlaşacaq, mövcud vəziyyəti daha yüksək səviyyəyə qaldırmaq və hazırkı çatışmazlıqları aradan qaldırmaq üçün zəmin yaranacaqdır.
Kitab və mütaliə həftəsi münasibətilə təbriklərimi çatdırmaqla yanaşı, kitabxanaçıların, tədqiqatçıların, müəlliflərin və mütaliə mədəniyyətinin təşviqi, eləcə də maarifin yayılması sahəsində çalışan bütün şəxslərin dəyərli səylərinə və xidmətlərinə səmimi qəlbdən təşəkkür edir, hamı üçün elmi hövzələrin elmi potensialının gücləndirilməsi və İslamın əsil maarifinin genişləndirilməsi istiqamətində daha böyük uğurlar diləyirəm.
Ölkə üzrə elmi hövzələrin rektoru
Əlirza Ərafi
Rəyiniz